Azərbaycanda İT sisteminin inkişafı
Bu postumda İT sahəsinin inkişafı ilə əlaqədar cari vəziyyət, problemlər və həlli barədə yazacam.
İT sahəsi proqramlaşdırma, infrastruktur, şəbəkə və s kimi müxtəlif alt sahələrə bölünür.
İT-nin digər sahələrdən fərqi
İlk olaraq İT sahəsinin fərqi barədə məlumat verim.
İT — Mühasibatlıq, Hüquq, Marketinq kimi qanuna, mentalitetə və s lokal bir sahəyə istiqamətlənmiş ixtisas deyil. O beynəlxalq bir sahədir ki yalnız dil baryeri (Bəzən heç o da lazım olmur) ilə saxlanılır. Yəni ki mən əgər Azərbaycanda Linux administrator, Şəbəkə mütəxəsisi, Java, Python, PHP, REACT, Kotlin və s. proqramçı olsam və onu yaxşı bilsəm burda etdiyim işi gedib eyni cür başqa bir yerdə də edə bilərəm. və ya da ki hər hansı məhsul hazırlayıb internetdə satıramsa onun ölkəyə gətirilməsi üçün kömrük rəsmiləşdirməsi kimi maneələrlə qarşılaşmıram. Şəxsi təcrübəmdə deyə bilərəm ki İT sahəsində hazırlanan 100 AZN-lik məhsulun xərcləri 10 AZN olarsa, qalan 90 AZN-i onun xeyrinədir. O 10 AZN-də ki Starbuckda kofe içməyə çıxır:)
Kadrların inkişafı
İlk öncə onu deyim ki son bir neçə ildə İT üzrə müxtəlif mövzularda (Verilənlər bazası, Veb Proqramlaşdırma, İnformasiya təhlükəsizliyi) Bakı Dövlət Universiteti, Texniki Universitet və Xəzər Universitetlərində kurslar aparmış və bu sahədə olan problemlərin nədən bəhrələndiyini görmüşəm.
Kadrların inkişafı — Eqo: Universitetlər bu sahədə dərs demək üçün müəllim axtarıb tapa bilmirlər. Tapanda da çoxbilmişlər (İT Ekspertlər) özlərini elə sıxırlar ki bəs mənin o qədər işim var, gələ bilməyəcəm və s. bu tipli bəhanələrlə sahənin inkişafına dəstək olmurlar. Bircə onu yadda saxlamaq lazımdır ki bu sahənin inkişafı üçün ilk olaraq elə siz gənclər digərlərinə biliklərinizi ötürməklə inkişaf etmiş olacaqsız.
Kadrların inkişafı — Menecment: Şirkətlərdə bəzi kadrlar var ki işlədikləri kimi də inkişaf etmək üçün Universitetlərdə (hazırlıq kurslarında və s.) müxtəlif kurslar aparmaq istyirlər, lakin rəhbərlik buna icazə vermir. Səbəb isə işin çox olması, həmin kadrın yüklənməsini göstərir. Şirkətlər bilməlidirlər ki bu sahədə yeni kadr tapmaq üçün öz kadrlarına onları yetişdirmək üçün bir az imkan verməli və şərait yaratmalıdırlar.
Kadrların inkişafı — Pul: Texniki Universitetdə dərs dediyimə görə mənə 51.72 AZN aylıq maaş yazılıb. Bu məbləğə hətta bəziləriniz güləcəksiz. Maaşın nə qədər gülməlidirsə, həyatın bir o qədər ağlamalıdır. Bəli, bu maaşla ev dolandıran müəllimlər var. Ona görə də bunun üzərində düşünmək lazımdır.
Kadrların inkişafı — Təhsil Sistemi: İT sahəsində yeni texnilogiyalar demək olar ki hər həftə çıxır. Yeni startaplar, proqramlaşdırma dilləri, infrastruktur həlləri. Amma Universitetlər hələm də ikilik say sistemi, köhnə texnologiyaların tədrisi ilə məşğuldur. Yeni bir ixtisasın açılması üçün isə Təhsil sistemində akreditasiyadan keçmək, ixtisas açmaq kimi çətin (bürakratik maneələrlə olan) bir proses üçün isə Universitetlər illərlə vaxt itirə bilərlər.
Beyin axını
Hamı vətənimizdən beyin axını barədə danışır, hətta bunun qarşısını almaq üçün nələr etmək lazımdır deyə düşünürlər də. Beynin axınının nə üçün baş verdiyini öz baxışımla yazıram.
Beyin axını — maaş: Demək bir nəfər tanış var idi Azərbaycanda işləyirdi və ona 300 AZN-dən çox maaş vermirdilər, çox zəif bilirdi. Amma adam xarici bir şirkətdə intervyu etdi və 1200 EUR-la o ölkəyə keçərək işləməyə başladı. Eyni cür də bir çox tanışlarım, tələbələrim, dostlarım eləcə xaricə gedərək özləri üçün şərait yaradıblar. Əvvəldə qeyd etdiyim kimi bu sahədə baryer olmadığı üçün bilik səvuyyəsi eyni olduğundan burda aldığı maaşın 5–7 qat yüksəyinə xaricə gedən kadrların qarşısını almaq üçün bu sahədə çalışan kadrların maliyyə durumlarını yaxşılaşdırmaq üçün çalışmaq lazımdır.
Beyin axını — community: Bir problemim var, onun həllini tapmaq üçün stackoverflow-dan və FB-da olan 1–2 səhifədən başqa heç yerdə bölüşə bilmirəm. Amma digər ölkələrdə bunun üçün meetuplar, partylər və s community-lər var ki sahəmlə əlaqədar fikrimi bölüşdürə, dostlar tapa bilməyim üçün arada evdən də çıxa bilirəm.
Beyin axını — sərbəstlik: Bunu öz baxışımla deyəcəm. Siyasətlə məşğul deyiləm, bəzən müxalifətin yaxşı iş gördüyünü, bəzən isə iqtidarın yaxşı iş gördüyünü və ya da ki əksinə pis şeylər etdiyini görəndə fikrimi paylaşmaq, söyüş söymək, şörtik geyinmək, porno filmdə çəkilmək, saçıma bantik vurmaq istəyirəm. Amma, həə əmması var, “ana bacı var”, “kənardan baxanlar nə deyər?” Niyə kimsə mənim nə etdiyimi sıxışdırır, müzakirə edir? Bu müzakirələr niyə mənim karyerama təsir edir? Lütfizadənin oğlu Norm Zadə kimi olmaq lazımdır, Anar Nağılbazın porno videosuna görə hamı tərəfdən qınanmamalıyıq. Bunun üçün də “mentalitet” adlanan baryeri keçmək çox çətin olsa da nə isə etmək lazımdır.
Həll olaraq İT sahəsində çalışanlar üçün Silikon vadisi kimi bir əlçatmaz yeri (Yevlax, Kürdəmir də ola bilər) ayırıb yaxşıca infrastruktur (Güclü internet, Banklar, 1–2 yüksəkmərtəbəli bina, beynəlxalq aeroport, kömrük sistemindən, vergidən azad sistem, diskotekalar və s.) qurmaq və limitlər qoyanları yaxın buraxmayaraq bir şəhərcik etmək lazımdır. Bir müddətdən sonra orda FB kimi layihələr, Hack and Beer kimi eventlər çıxacaq burdan.
İT məhsullar
Ölkəmizdə TIER 3 səviyyəli Data Center-lər, Özümüzün peykimiz, Yüksəksürətli internetimiz var. Bütün bunlar infrastruktur həlləridir, bunları idarə edən tək tük sayda kadrlarımız və dəstək olan layihələrimiz var.
Bundan sonrakı hissəni Ermənistna qısqanclıqla yazıram.
Erməstanın infrastruktur olaraq Cloudflare kimi Data Mərkəzi var. Onların vmware üçün məhsul hazırlayan ofisləri var. Microsoftun dəstəyi ilə yaradılmış İnnovasiya mərkəzləri var.
Milyonlarla inversiya almış SoloLearn ($6.9M), PicsArt ($45M), Renderforest ($8.1M) Startapları var.
Bizdə isə nələr və ya nə qədər investisiya almış layihələr, startaplar olduğunu özünüz araşdırıb baxın bir.
Bunun üçün bizdə İT sahəsində vergidən azad etmə yox Estoniya kimi müəyən məbləği vergisiz etmək, Paypal (və ya Stripe) kimi ödəniş sistemini Azərbaycana gətirmək, Şirkətlərin problemlərini startaplara danışmaları üçün bir mühit yaratmaq, Qrantları normal layihələrə ayırmaq (yeməmək) lazımdır.
P.S. İndiyə kimi iştirak etməyimə baxmayaraq Dövlətin elan etdiyi heç bir qrantı almamışam. Bu isə qeyd edilən sahədəki investisiyaların səhv istiqamətdə getməsinə bir işarə ola bilər.
Son söz
İT sahəsinin vətənizimdə daha da inkişaf etməsi üçün neçə illərdir ki çalışıram. Bir az aqressiv yazmağıma səbəb isə ölkəmizdə qeyri neft sektorunun inkişafı kimi İT-nin də rolu olacağına inamımdır.
Qeydlərimin hamsı öz subyektiv fikirlərmdir, kimlərsə razılaşa və ya da ki inkar edə bilərlər.
Hər hansı irad və ya əlavələriniz olarsa kommentlərdə yaza bilərsiz.