code.org — Azərbaycan dilində

Rashad Aliyev
2 min readJul 1, 2021

Universitetlərdə dərsləri bərpa etdiyim və gənclərə tədrisdə daha da dərinə getmək üçün bu il Xəzər Universitetinin tələbələri ilə birlikdə sosial bir layihəyə başladıq. Bunun üçün core.org saytının Azərbaycan dilində məlumatlarının artırılması ilə əlaqədar qısa bir araşdırma apardıq. Layihənin məqsədi Xəzər Tələbələrinin həm öyrənmək, həmdə təlim edilən dərsdən başqa xarici dil biliklərini istifadə etməklə gələcək nəslə, gənclərə öz tövhələrini vermək idi.

code.org saytı

2013-cü ildə Amerikadan başlayan bir layihə bu gün milyonlarla gəncin kompüter elmlərinə sahib olmasında böyük bir rol oynamağa başladı. code.org layihəsi adi məntiqi bloklardan başlayaraq proqramlaşdırma biliklərini artırmaq üçün çox düzgün bir üsul ilə dərslər təqdim edir. Layihədə oyun tipli yarışlar edərək şagirdlərə kompüter elmlərinə maraq artırılır.

code.org saytında blok sxemlərlə sadə bir oyun proqramlaşdırması

Hal hazırda code.org layihəsi 45 dildə fəaliyyət göstərir və Azərbaycan dili də bu sıradadır. Doğma dilimizi bilən və kompüter elmləri sahəsində oxuyan, çalışanlar code.org-un Azərbaycan dilində tərcüməsinə öz töhfəsini verə bilər.

Məlumat üçün bildirim ki Azərbaycanda Facebook sosial şəbəkəsinin məşhurluğu onun doğma dilimizdə tərcüməsindən sonra olmuşdur. Code.org saytının da Azərbaycan dilində tərcüməsi olarsa bu platforma məktəblər, şagirdlər və kompüter elmlərini öyrənmək istəyənlər arasında ən tanınmış layihə olacağını əminliklə demək olar.

2013dən bu günlərə kimi layihənin 4%-i Azərbaycan dilinə tərcümə edilmişdir. Son günlər Xəzər Universitetinin tələbələri ilə birlikdə layihənin tərcüməsinin 14%-ə çatması üçün əlimizdən gələni etdik. Lakin bununla dayanmaq lazım deyil, layihənin tam tərcümə edilməsi və doğma dilimizdə milyonlarla gəncin öyrəndiyi bir platformanın olması üçün sizlər də dəstək olmağınıza ehtiyac var.

code.org saytının tərcümə paneli

Layihənin inkişaf etməsində dəstək olduqları üçün Xəzər Universitetinin rəhbərliyi və tələbələrimə dərin təşəkkürümü bildirirəm.

Layihəyə dəstək olmaq üçün tərcümə platrofması olan crowdin.com saytında qeydiyyatdan keçərək codeorg layihəsində tərcümə komandasına (https://crowdin.com/project/codeorg) üzv olmaq lazımdır. Üzvlüyünüz təsdiq edildikdən sonra layihəni tərcümə edə və edilmiş tərcümələrə səs verə bilərsiniz.

crowdin.com saytında sözlərin tərcümə edilməsi

Gələcəkdə gənclərimizin daha bilikli olması üçün bu layihənin inkişafında böyük rol oynayacağınıza əmin olaraq sizlər də dəstək ola bilərsiz.

--

--